Əksinqilabla Mübarizə Təşkilatı
Əks-inqilabla Mübarizə Təşkilatı (az-əbcəd. عكس انقلاب ايله مبارزه تشكيلاتى) — 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı.
1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığı barədə məruzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan — 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.
Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu. Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi.
İlk vaxtlar ƏMT–na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi.